Azərbaycanın tibb ictimaiyyətində özünəməxsus yeri olan Mübariz Allahverdiyevi tanıyanlar onun
haqqında yalnız bu ifadələri işlədə bilərlər: əsl ziyalı, xeyirxah insan, vətənpərvər azərbaycanlı…
Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Xocalıda anadan olub. 1957-ci ildə Xocalı 7-illik məktəbini bitirdikdən sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbdə, sonra isə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbin 9-10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına ATİ-ni bitirdikdən sonra təyinatını Dağlıq Qarabağ Muxtar Vilayətinə götürüb. Lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib. Təbii ki, bu da səbəbsiz olmayıb. Sonradan məlum olub ki, Yerevandan alınan xüsusi göstərişə görə onlar azərbaycanlıları işə götürməməlidirlər. Nəhayət, 1966-cı ilin oktyabr ayının 4-də o, çətinliklə vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə göndərilib. 1968-ci ilin yanvar ayının 4-də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ildə Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun “Leninqrad” kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
Qısa müddətdən sonra Mübariz Allahverdiyev Azərbaycana dönüb, 1969-cu ilin fevral ayının 18-də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük elmi şurasının qərarı ilə normal anatomiya kafedrasının müəllimi vəzifəsinə qəbul edilib, 1970-ci ildə assistent, 1973-cü ildə baş müəllim, 1986-ci ildə dosent, 2010-cu ildə professor vəziəsinə seçilib və hal-hazıra kimi kafedranın professoru vəzifəsində çalışır.
O, 1971-ci ildən 1990-cı ilə qədər kafedranın tədris hissə müdiri vəzifəsini yerinə yetirib. 20-dən çox dərslik və dərs vəsaitlərinin, 3 monoqrafiyanın, 3 bioqrafik məlumat kitabının müəllifi, bir neçə kitabın tərtibçisi və nəşrinə məsuldur.
1975-1982-ci illərdə Azərbaycan dövlət televiziyasında təşkil edilmiş “Tədris” rubrikası üzrə silsilə verilişlərdə “Anatomiya, fiziologiya, gigiyena” adlı layihə üzrə xüsusi proqram əsasında orta məktəb şagirdləri üçün hər dəfə 20 dəqiqəlik canlı dərslər aparmaq Mübariz Allahverdiyevə həvalə edilib.
O, 1991-ci ildən ATU-nun I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1993-2000-ci illərdə ATU-nun elmi katibi, 2001-2006-cı illərdə İnternatura şöbəsinin müdiri, 2006-2008-ci illərdə pediatriya fakültəsinin dekan müavini vəzifələrində çalışıb, 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir.
1988-1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış özünümüdafiə xarakterli müharibədə iştirak edib. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən ona “Müharibə veteranı” vəsiqəsi verilib, “Qarabağ Müharibə Veteranları Birliyi”nin, 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.
Vətən həsrətli alim 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər İstanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfindən internetə yerləşdirilərək beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb. 2012-ci ilin fevral ayının 26-da İstanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub.
Mübariz Allahverdiyev 1975-1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989-1993-cü illərdə “anatomiya”, “histologiya”, “atoloji anatomiya” ixtisasları üzrə İxtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000-2006-cı illərdə kafedra üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsini yerinə yetirir. 2008-ci ildən indiyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın ATU-nun nəzdində təşkil etdiyi “biokimya”, “insan anatomiyası”, “patoloji fiziologiya”, “farmakologiya, kliniki farmakologiya” ixtisasları üzrə FD 03.013 şifrli dissertasiya şurasının elmi katibi vəzifəsində çalışır.
O, 1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik, 2008-ci il yanvar ayının 31-də Bakıda ATU-nun nəzdində doktorluq dissertasiyası müdafiə edib. 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin müəllifidir. Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub, həmin ölkələrin elmi məcmuələrində məqalələr çap etdirib.
Moskvada İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb İnstitutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub.
Sonuncu dəfə 1988-ci ildə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda elmi ezamiyyətdə olarkən professor Metelitsa mühazirə zamanı dinləyicilər qarşısında ulu öndər Heydər Əliyev haqqında qərəzli ifadələr işlətdikdə Mübariz Allahverdiyev onun sözünü kəsərək 1980-cı ildə dahi Heydər Əliyev haqqında söylədiyi həqiqətə uyğun ifadələri ona xatırlatmış və professor Metelitsanın riyakarlı-ğını auditoriya qarşısında ifşa etmiş, indiki ifadələrinin uydurma olduğunu onun üzünə demişdir.
1977-ci ildə tibb təhsili sahəsində əldə etdiyi nailiyyətlərə görə “Sosializm yarışının qalibi” döş nişanına, yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanlarına, 2007-ci ildə “Qızıl Qələm” mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
İlham CƏMİLOĞLU,
müstəqil jurnalist